
>>>>>>
DOKUKIDS
Uşaqlar üçün Ən Yaxşı Sənədli Film
Anxeles FK | Roberto Ortis | Meksika | 1:41:51
Sinopsis:
Mütəşəkkil cinayət aləmindən ayrıldıqdan sonra Kristian vaxtilə zərər verdiyi cəmiyyətə borcunu qaytarmaq məqsədilə həyatını futbola həsr edir. O, Meksikannın şimal-qərbində, Mexikali şəhərinin ən təhlükəli məhəllələrindən biri olan Anxeles de Pueblada vaxtilə narkotik alveri və cinayətlərin baş verdiyi boş ərazidə müxtəlif yaşlarda qız və qadınlardan ibarət Ángeles Soccer komandasını yaradır. Filmdə Kristianın transformaiyasıi və oyunçuların meydanda və gündəlik həyatda apardıqları mübarizə vasitəsilə idmanın, bağışlanmanın və həmrəyliyin təhlükəsiz məkanlar yaratmaq və ümid aşılamaq gücü göstərilir.
Barnalandın ardınca | Ellen Morgenstierne, Nils Petter Devold Midtun | Norveç | 0:20:00
Sinopsis:
Arne həmişə öz xəyal dünyası – Barnalandda yaşayıb. Lakin 14 yaşı tamam olduqca bu sehirli dünyanı unutmağa başlayır. İllüstrator Svein Nyhusla birlikdə o, təxəyyülünü yenidən kəşf etmək üçün yola çıxır və anlayır ki, insan böyüdükcə təxəyyül yox olmur, onunla birlikdə inkişaf edir.
Nənəm paraşütçüdür | Polina Piddubna | Ukrayna | 0:10:00
Sinopsis:
1960-cı illərin Orta Asiyasında yaşayan həyatsevər gənc qadın Əlfiyə mamaça olmaq üçün təhsil alır və paraşüt idmanı ilə məşğul olur. Bir gün o, gözlənilmədən 2022-ci ildə nəvəsinin telefon zəngini qəbul edir. Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda nənəsinin təhlükəsizliyindən narahat olan nəvə zaman və məkanı aşan bu qeyri-adi söhbət vasitəsilə ailə yaddaşını yenidən kəşf etməyə və fərqli prizmadan dərk etməyə, öz etnik kimliyi ilə yenidən bağ qurmağa, kollektiv travmanın sonsuz dövranını qırmağa və insan həyatının mənası üzərində düşünməyə çalışır.
Bizim kənd | Dastan Borkoş | Qırğızıstan | 0:14:36
Sinopsis:
Əlixan hər kəsin bir-birini tanıdığı kiçik bir kənddə yaşayır. O, bütün yaşıdlarını ləqəbləri ilə tanıyır. Atasına gündəlik ev işlərində kömək etdikdən sonra dostları ilə alçiki oynamağa gedir.
Rezonans | Ted Neş, Keti Barbaş | Amerika Birləşmiş Ştatları | 0:37:56
Sinopsis:
Havananın ürəyində "Grammy" mükafatlı bəstəkar Ted Neş bir qrup gənc kubalı musiqiçini muzeydəki rəsmlərin rənglərindən, formalarından və duyğularından ilham almağa dəvət edir. Melodiya axtarışı kimi başlayan bu proses qısa zamanda özünü kəşf yoluna çevrilir. Tələbələr hər biri öz daxilində gizlənən ehtirası, cəsarəti və indiyədək üzə çıxmamış yaradıcılıq potensialını kəşf edirlər. Bir həftə davam edən bu dəyişdirici yaradıcılıq təcrübəsi mindən çox tamaşaçının qarşısında keçirilən parlaq konsertlə zirvəyə çatır. Burada musiqi ilə təsviri incəsənət qovuşaraq təxəyyülün, özünüifadənin və insan potensialının sonsuz gücünü tərənnüm edir.
Raket qız | Agnes Şvierç | Polşa, İsveç, Amerika Birləşmiş Ştatları | 1:10:02
Sinopsis:
Raket qız yeniyetməlik dövrünün çətinlikləri ilə üzləşən və eyni zamanda raketlər hazırlamaq ehtirasının ardınca gedən gənc qız Eleninin səmimi portretidir. Film, duyğusal və dürüst yetkinləşmə hekayəsini həvəskar raketqayırmanın gərgin, rəqabətli və əsasən kişilərin üstünlük təşkil etdiyi dünyasına nadir bir baxışla birləşdirir. Bu, cəmiyyətin onun necə biri olmalı və nə etməli olduğu barədə gözləntilərinə meydan oxuyaraq öz yolunu seçən bir qızın hekayəsidir. Eleni öz fərdiliyinə sadiq qalaraq sübut edir ki, həqiqətən xəyal qurmağa cəsarət edənlər üçün hətta səma belə son hədd deyil.
Pələngləri təslim etmək | Lyuk Kellerhaus | Almaniya, İrlandiya, Amerika Birləşmiş Ştatları | 0:25:41
Sinopsis:
Travmatik uşaqlıq illərini geridə qoyaraq peşəkar MMA döyüşçüsünə çevrilən Yuliya Payiç, qurduğu karyera gözlənilməz qeyri-müəyyənliklə üz-üzə qalanda həyatının dönüş nöqtəsinə çatır. Tanzaniyaya etdiyi səfər onu rinqdən çox uzaqlara aparır. Burada küçə döyüşçüləri və uşaq evlərində yaşayan uşaqlarla qarşılaşmaları ona güc anlayışını yenidən kəşf etməyə, şəfa tapmağa, insanlarla dərin bağ qurmağa və həyatına yeni bir məna qazandırmağa kömək edir.
