
>>>>>>
DOKUMUSE
Musiqi, Rəqs və Ritim haqqında Ən Yaxşı Sənədli Film
Lövbər nöqtələri | Viktor Kixada, Samuel Qref | Kanada | 0:25:13
Sinopsis:
Rubberband tərəfindən ərsəyə gətirilmiş 24 dəqiqəlik sənədli-bədii filmdir və Viktor Kixada-nın küçə rəqqasından beynəlxalq nüfuza malik müasir xoreoqrafa çevrilən yaradıcılıq yolunu izləyir. Arxiv görüntülərini, müsahibələri və təsirli vizual effektləri bir araya gətirən film onun şəxsi və bədii inkişafını araşdırır, eyni zamanda Rubberband kollektivinin rəqqasları və əməkdaşlarının baxışları vasitəsilə Rubberband metodunun əsas prinsiplərini təqdim edir. Sənədli kino estetikasını eksperimental vizual dillə birləşdirən Lövbər nöqtələri, Kixadanın yaradıcı baxışına və müasir rəqs sənətinə mühüm təsir göstərmiş xoreoqrafik yanaşmasının formalaşmasına səmimi və dərin bir baxış təqdim edir.
Puuluup: Kabellər avtomobildə | Taavi Arus | Estoniya | 1:36:00
Sinopsis:
Unudulmuş Estoniya yaylı lirasını yenidən həyata qayıraraq onun bənzərsiz səsini dünya səhnələrinə daşıyan iki orta yaşlı musiqiçi haqqında yumorla və vizual zənginliklə yoğrulmuş musiqili sənədli filmdir. Quru yumor, absurd situasiyalar və onların özlərini “neo-zombi-post-folk sensasiyası” adlandırması filmdə səhnə işıqlarının gündəlik həyat, atalıq və həyat balansını qorumaq cəhdləri ilə qovuşduğu səmimi bir portret yaradır. Bu, gözlənilməz gecikmiş uğurun hekayəsidir və xatırladır ki, arzularının ardınca getmək, hətta dünyanı fəth etməyə başlamaq üçün heç vaxt gec deyil.
Sığınacaq jestləri | Adrian Villa-Davila, Andres Prado | Kolumbiya | 0:10:53
Sinopsis:
Ənənəvi Danza de las Tabliteras rəqsinin ritual və mənəvi hərəkətlərinin yenidən dirçəlişindən bəhs edən videorəqs filmidir. Bu qədim rəqsin tədricən yoxa çıxmasının şahidi olan bir qrup gənc rəqqas onun irsini yaşatmaq qərarına gəlir. Onlar rəqsin ritmlərini və xoreoqrafiyasını bu ənənəni hələ də bədən yaddaşında qoruyub saxlayan son dörd ağsaqqaldan öyrənirlər. Nəsillərarası bu görüş sayəsində rəqs yenidən həyata qayıdır, onun jest və hərəkətləri isə bir vaxtlar San Antonio (Bolívar) icmasına qürur, həyat enerjisi və birlik hissi bəxş edən ruhu yenidən oyadır.
Bir gün yenidən | Kayetan Lukaş Poxılski | Polşa | 0:17:00
Sinopsis:
Caz, arzular və ümid.
Filmin qəhrəmanı musiqiçi və rəssam Wiesław Mrzygłódur. Həyata, musiqiyə və ətraf aləmə sonsuz nikbinliklə yanaşan o, öz müsbət dünyagörüşü ilə seçilir. 1980-ci illərdə Old Dixieland Players ansamblının üzvü kimi Polşa və Avropanın ən nüfuzlu caz festivallarında və musiqi tədbirlərində çıxış edib. Bu gün isə, həkimlərin ümidsiz proqnozlarına baxmayaraq, inamını itirməyən Wiesław: "Bir gün yenidən ifa edəcəyəm." ifadəsinə qəlbən inanır. Təslim olmağı qəbul etməyən Mrzygłód musiqiyə sevginin, iradənin və insan ruhunun sarsılmaz gücünün canlı təcəssümüdür.
Film yağlı pastel rəsmləri, qrafik çap texnikası və yenidən çəkiliş (re-filming) üsullarını birləşdirən analoq və qarışıq animasiya texnikalarının özünəməxsus sintezi əsasında hazırlanıb.
Tırtılın dəfni | Dariya Razumnikova, Leonid Rıbakov | Rusiya Federasiyası | 0:26:30
Sinopsis:
Stepan, yalnız yaşlı qadınların yaddaşında qorunub saxlanılan ritual mahnıları axtararaq Udmurtiya kəndlərini gəzən gənc folklorşünasdır. O, bir vaxtlar bu yerlərdə qeydə alınmış, lakin onları ifa edən insanlarla birlikdə itən unudulmuş melodiyaların izinə düşür.
Səmimi söhbətlər, birgə nahar və kollektiv xor oxunuşu yolu ilə mahnıların insan həyatındakı hər bir vacib keçidi - doğuluş, toy və ölümü müşayiət etdiyi və diriləri ölənlərlə əlaqələndirdiyi bir dünya tədricən açılır. Lakin ən qədim melodiyalar artıq bərpa edilə bilməz: onlar yalnız uzun müddət səssiz, lakin yaddaşlarda hələ də canlı olan səslərin əks-sədası kimi mövcud olmağa davam edirlər.
Masa | İvan Vlasov | Rusiya Federasiyası | 0:20:00
Sinopsis:
Sən danışırsan, mən dinləyirəm. Yağış yağanda onu hiss edirəm. Sən hərəkət edirsən, mən isə yerimdə qalıram. Mən olmasam, heç nə baş verməmiş olar.
Sıfırı bir etdim | Rüstəm Babazadə | Azərbaycan | 0:25:47
Sinopsis:
Sıfırı bir etdim sənədli filmi Azərbaycanlı alpinist Vəfa Musayevanın dağlara olan dərin sevgisindən və onu dünyanın ən yüksək zirvəsi olan Everestə aparan yolundan bəhs edir.
Film yalnız Vəfanın alpinist kimi qazandığı tarixi uğur haqqında deyil, həm də bu uğurun arxasında duran insanı tanıdır. Dağlar onun üçün sadəcə fəth ediləcək zirvələr deyil — onlar onun kimliyinin, həyat seçimlərinin, arzularının və həyat tərzinin ayrılmaz hissəsidir.
2025-ci ilin may ayında Vəfa Musayeva Everest zirvəsinə qalxaraq dünyanın ən yüksək nöqtəsini fəth edən ilk azərbaycanlı qadın kimi tarixə düşdü. Bu ekspedisiyaya çıxmasının əsas motivasiyalarından biri indiyədək heç bir azərbaycanlı qadının həmin zirvədə olmaması idi.
Everestin zirvəsində Azərbaycan bayrağını dalğalandırdığı an yalnız şəxsi qələbə deyil, uzun illərin əzminin, cəsarətinin və fədakarlığının zirvəsi idi. Bu an həm də onun Vətəninə olan dərin bağlılığının rəmzinə çevrilərək gələcək nəsillərə ən böyük arzuların belə gerçəkləşə biləcəyini göstərdi.
