
>>>>>>
DOKUTAM
Ən Yaxşı Beynəlxalq Tammetrajlı Sənədli Film
Deleau: Azad edilmiş kino | Mişel La Veo | Kanada | 1:39:00
Sinopsis:
Humanist ruhlu, mühüm dəyərləri özündə əks etdirən bu sənədli film Kann Film Festivalının Directors' Fortnight (rejissorların iki həftəsi) bölməsinin "ruhunu" təcəssüm etdirən şəxs – Pyer-Anri Delo haqqındadır. O, misilsiz vasitəçi, böyük nüfuza, incə həssaslığa və geniş mədəni dünyagörüşünə malik, cəsarətli və avanqard kinematoqrafiyanın sadiq müdafiəçisidir. Deleau: azad edilmiş kino filmi kino sənətinin hələ kəşf olunmaqda olduğu bir dövrə nəzər salır və bunu Haneke, Loaç, Arkand kimi dünya şöhrətli rejissorların xatirələri və fikirləri vasitəsilə təqdim edir.
Onun torpağı | Kallol Muxerci | Hindistan | 1:00:00
Sinopsis:
Qadınların kişi icazəsi olmadan evdən çıxmasının qadağan edildiyi, dərin mühafizəkar ənənələrin hökm sürdüyü Hindistan kəndində Bhagyaşri və getdikcə böyüyən qadın həmrəyliyi mövcud qaydalara meydan oxuyur. Onlar işləmək hüquqları və nəsillər boyu davam edən patriarxal nəzarətdən azad olmaq uğrunda mübarizəyə qalxırlar. Sakit üsyanları gücləndikcə, bərabər insan kimi qəbul edilməyin bədəli getdikcə daha təhlükəli olur. Görəsən, onlar bu yolda nə qədər irəli getməyə hazırdırlar?
Mar Musa | Şahab Kermani | Almaniya | 1:37:00
Sinopsis:
Suriyanın Əl-Qəlamun dağlarında, ucsuz-bucaqsız səhraya baxan qədim xristian monastırı Mar Musa parçalanmış bir ölkədə dinlərarası dialoqun və sərhədsiz qonaqpərvərliyin rəmzi kimi ucalır. Film müşahidə üslubunda qurulan səmimi hekayə vasitəsilə rahiblərin və rahibələrin müharibədən sonra qalan dağıntılar fonunda sülh naminə göstərdikləri səyləri izləyir. Onlar dərin şəxsi itkilərlə üzləşsələr də, barış və ümid yolundan dönmürlər. Poetik vizual təsvirlər və hipnotik musiqi müşayiəti ilə Mar Musa tədricən Suriyanın güclü metaforasına çevrilir.
Militantropos | Alina Qorlova, Yelizaveta Smit, Simon Mozqovıy | Avstriya, Fransa, Ukrayna | 1:51:00
Sinopsis:
Militantropos insan təbiətini Rusiyanın Ukraynaya işğalının parçalanmış reallığı vasitəsilə araşdırır. Film müharibə nəticəsində həyatını dəyişdirən insanların gündəlik taleyini bir-birinə bağlayır: qaçmağa məcbur olanlar, hər şeyini itirənlər və müqavimət göstərib mübarizə aparmaq üçün qalanlar, həm sağ qalma instinktini, həm də insanın yaxınlıq və əlaqəyə olan sönməz ehtiyacını ortaya qoyur.
Dağıdıcılıq və dilə gətirilməz zorakılıq arasında insan müharibədən ayrılmaz hala gəlir və müharibə də öz növbəsində insanın ayrılmaz hissəsinə çevrilir.
Pəykar | Davud Hilmandi | Niderland | 1:37:00
Sinopsis:
Hollandiyadan yaşayan, Əfqan əsilli rejissor Davud Hilmandi keçmişdə mücahid döyüşçü olan və imam, yazıçı və şairə çevrilmiş atası ilə yenidən əlaqə qurmaq üçün geri qayıdır. "Paikar" sevgi, bağışlanma və anlayış axtarışında poetik və dərin insani bir səyahətdir. Film Əfqanıstan, İran və Hollandiyadan keçərək nəsillərdən-nəslə ötürülən görünməz müharibə və sükutu araşdırır. Ata və oğul arasındakı bu səmimi görüş vasitəsilə Hilmandi bizi siyasətdən və tarixdən kənara baxmağa, hətta ən sərtləşmiş insan ruhlarında belə davam gətirə bilən incəliyi kəşf etməyə dəvət edir.
O günlər gələcək | Çema Rodriqes, Çema Ramos | İspaniya | 1:25:00
Sinopsis:
Sevilya şəhərinin sakit ritmində dörd dostun həyatı şəhərin nəfəsi ilə ahəngdar şəkildə axır. Karlos, Pako, Serena və Mayk gülüş, qorxu, xəyal və sükut anlarını bölüşür, həyatın çətinliklərinin öhdəsindən birlikdə gəlirlər. O Günlər Gələcək filmi evsiz qalan dörd insanın gündəlik həyatına dərin bir baxışdır və dostluğun həm də yaşamaq üçün bir yer ola biləcəyinin sübutudur.
Panaseyanın taleyi | İvan Sahinos | İspaniya | 1:28:00
Sinopsis:
Nerea təcili yardım şöbəsində çalışan tibb bacısıdır. Qaranlığın içində o, ölüm, qorxu və qeyri-müəyyənliklə səciyyələnən bir dünyadan onu xilas edəcək ümid işığını axtarır. Panaseyanın Taleyi tibb bacılarının peşəsinə həsr olunmuş sarsıdıcı dərəcədə sərt, eyni zamanda son dərəcə təsirli və gözəl bir portretdir.
Mələyin büdrədiyi torpaq | Rodion İsmayılov | Azərbaycan, Rusiya Federasiyası | 1:34:50
Sinopsis:
Dağıstan dünyanın ən çoxdilli bölgələrindən biridir və kiçik bir ərazidə 32 dilə və təxminən 120 ləhcəyə ev sahibliyi edir. Film bu torpağın sakinləri ilə yaxın təmas vasitəsilə həyat və ölüm haqqında düşüncələri, keçmişin xatirələrini və gələcəyə olan ümidləri araşdırır. Dağıstan dillərinin polifoniyası izləyiciləri bu bölgənin ürəyinə aparır və onlara əsrlər boyu nəsillər tərəfindən qorunub saxlanılan ruhunu, gözəlliyini və müdrikliyini yaşamağa imkan verir. Bəzən ən vacib həqiqətlər başa düşmədiyimiz, lakin varlığımızla hiss etdiyimiz dillərdə danışılır.
Balinanın nəğməsi | Mixal Hıtroş | Polşa | 1:04:00
Sinopsis:
Krakovdakı Milli Starı Teatrının (National Stary Theatre) əfsanəvi aktyoru Kşiştof Qlobiş, Andjey Vayda, Kşiştof Kieşlovski və Yeji Yaroçki kimi tanınmış rejissorlarla əməkdaşlıq edərək, film, televiziya və teatrda 200-dən çox yaddaqalan rol yaradıb.
Balinanın Nəğməsi Qlobişin 2014-cü ildə keçirdiyi dəhşətli insultdan sonra keçdiyi əlamətdar səyahətdən bəhs edir. İnsult onu afaziya - danışıq qabiliyyətinin itirilməsi ilə baş-başa qoyur. Amma Qlobiş yaranmış vəziyyətlə barışmayaraq dram məktəbində dərs deməyə və özü kimi unikal və dərin dildə ünsiyyət quran bir balina obrazını canlandırmaq üçün teatr səhnəsinə qayıdır.
Qadınlar və yollar: Özünə aparan yol – Azərbaycan | Kristina Kretova, Anna Kameneva | Birləşmiş Ərəb Əmirlikləri | 0:52:00
Sinopsis:
Film müasir Bakının canlı küçələrindən Qobustanın qədim mənzərələrinə qədər qadın həmrəyliyinin əbədi simvolu kimi əfsanəvi Amazonların irsini izləyir. Səyahət boyu, həyatın müxtəlif təbəqələrindən olan qadınlar möhkəmlik, qarşılıqlı dəstək və bacılığın güclü portretini birləşdirərək şəxsi hekayələrini bölüşürlər.
